Nazirliyin yeni rəsmi internet saytı ictimaiyyətə təqdim olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nmys.gov.az domenli rəsmi internet saytının təqdimat mərasimi keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirə nazirliyin əməkdaşları, mətbuat nümayəndələri, o cümlədən aktiv fəaliyyəti və uğurları ilə seçilən gənclər və idmançılar qatılıblar.   

Nazirliyin fəaliyyət istiqamətləri və həyata keçirilən tədbirlərdən bəhs edən gənclər və idman nazirinin müavini Məcid Seyidov vurğulayıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın artan qüdrəti və gələcək potensialı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün də geniş imkanlar yaradır. Bu da qədim diyarımızın ümumi inkişafına, o cümlədən müasir gənclik mühitinin, güclü idman bazasının formalaşması prosesinə təsirsiz ötüşmür. Nazir müavini təmsil olunduğu qurumun informasiya yayımını həyata keçirərkən ənənəvi və onlayn media ilə əməkdaşlığı qoruduğunu, bununla bərabər müasir metodlarla ictimaiyyətin məlumatlanmasını təmin etməyə çalışdığını deyib. Dünyada gedən aktiv proseslər və texnoloji yeniliklərin fonunda cəmiyyətin informasiya ilə təminatının əhəmiyyəti, vacibliyi çatdırılma vasitəsindən asılı olmayaraq dəyişilməz qaldığını deyən Məcid Seyidov rəsmi saytla bağlı fikirlərini bölüşüb:  “Veb-saytın sistematik informasiya tutumuna malik olması və bir çox üstünlükləri onun mövcudluğunu daha çox zəruri edir. Təəssüf ki, nazirliyin bundan öncəki rəsmi saytının görünüşcə sadə, quruluş və işləmə baxımından ağır olması istifadəçiləri yorurdu. Eyni zamanda görülən işlərin təbliği imkanları azalır, operativ məlumatlandırma prosesi ləngiyirdi. Sayt həm nazirliyin əsas rəsmi məlumat resursu, həm də gənclər və idman sahəsindəki yenilikləri əks etdirən portal rolunu oynayacaq. Növbəti mərhələdə saytın daha da təkmilləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulub.”

Nazirliyin əməkdaşı Emil Səmədov rəsmi saytın tərtibatı, məzmunu, imkanları, istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, nazirliyin əsas internet resursu olan veb-sayt müasir dizayn, təhlükəsizlik və istifadəçi rahatlığı standartlarını əsas tutmaqla hazırlanıb. Bu onlayn platforma vasitəsilə muxtar respublikada gənclər və idman sahəsində həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Ana səhifədəki müvafiq kateqoriyalarda nazirlik, ümumi qanunvericilik bazası, görülən işlərin aylıq hesabatı, mətbuata aid məsələlər, könüllülük proqramı, idman infrastrukturu, istedadlı gənclər və idmançılar barədə məlumatlar, o cümlədən son 15 il ərzində Naxçıvanın ev sahibliyi etdiyi ölkə və beynəlxalq səviyyəli tədbirlərin aid arxiv materiallar yerləşdirilib. Vətəndaşların sayt vasitəsilə nazirliyə elektron qaydada müraciəti üçün imkan yaradılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti